Bunu dəfələrlə filmlərdə görmüşük; kiminsə gözünün qabağından heç bir monitora ehtiyac olmadan çoxlu miqdarda ötüb-keçən məlumatlar. İndi, elektron kontakt linzaların dovşanların üzərində uğurlu olduğu sübut edilərək bu fantastika həqiqətə çevrilməyə daha da yaxındır.
Linzanın indiki halı Hollywood filmlərində görülənlər kimi hər kəsi həyəcanlandıracaq bir şey deyil, çünki cihaz yalnız bir piksel göstərir, lakin əsl diqqət mərkəzində olan bir pikselin arxasında dayanan anlayışdır; çünki bir pikselin gedə bildiyi yerə onun ardınca digər piksellər də gedə bilər. PopSci-yə əsasən, professor Babak Pərviz deyir ki, növbəti addım "əvvəlcədən müəyyən edilmiş mətni kontakt linzaya daxil etməkdir".
Bununla birlikdə, bir pikseldən kənara çıxmaqla yanaşı, aradan qaldırılmalı olan bundan başqa bir neçə maneə də var. Birinci problem gücdür. Kontakt linzanın hazırkı versiyası sərbəst məkanda bir metr və linza gözə qoyulanda isə cəmi iki santimetr aralığa malik olan bir antendən istifadə edərək xarici mənbədən enerji alır. Digər məsələ gözün özünə aiddir. İnsan gözünün minimal fokus məsafəsi bir neçə santimetrdir ki, bu kontakt linzalarında görünən məlumatların bulanıq olmasına yol aça bilər. Bu problemi həll etmək üçün, tədqiqatçılar nazik Fresnel linzalardan istifadə edərək ekranı böyüdüblər. Prosesin gələcəkdə daha da inkişaf etdiriləcəyi və ya böyüdülmüş displeyin linza istifadə edilməyən zamanlarda görmə qabiliyyətinə necə təsir göstərəcəyi barədə hazırda məlumat yoxdur.
Sonsuz miqdarda məlumatın birbaşa gözə ötürülməsinə gəldikdə isə, bu yaxın gələcəkdə mümkün olacaqdır, lakin hələ buna nail olmazdan əvvəl bəzi yollar qət edilməlidir.